Azərbaycanda dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. Dövlət Statistika Komitəsinin avqustun 12-nə olan məlumatına görə, payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə nəzərdə tutulmuş 939,1 min hektar sahənin 924,4 min hektarı (98,4%) biçilərək məhsul yığılıb.
Sahələrdən 2 milyon 971,8 min ton məhsul toplanıb, məhsuldarlıq 32,1 sentner/ha təşkil edib. Məhsulun 1,582,8 min tonunu (53,3%) buğda, 1,349,9 min tonunu (45,4%) arpa, 39,1 min tonunu (1,3%) digər dənli və dənli paxlalı bitkilər təşkil edib.
Hazırda 26 rayonda dənli və dənli paxlalı bitkilərin biçini tam başa çatıb, 30 rayonda isə biçin nəzərdə tutulan sahənin 90%-dən çoxu tamamlanıb. Digər rayonlarda isə biçinin səviyyəsi 90%-dən aşağıdır.
Ən yüksək məhsuldarlıq Hacıqabul (51,4 sentner/ha), Ağcabədi (44,4), Sabirabad (43,6), Samux (43,1), Salyan (42,3), Bərdə (42,2), Ağdam (41,8), Tovuz (40,9), Saatlı (40,2), Tərtər (39,7), İmişli (39,5) rayonlarında qeydə alınıb.
Dənli və dənli paxlalı bitkilərin digər rayonlara nisbətən daha çox istehsalı isə Cəlilabad (229,8 min ton), Şəki (173,2 min ton), Ağcabədi (154,3 min ton), Füzuli (138,9 min ton), Kürdəmir (121,5 min ton), Hacıqabul (107,5 min ton), Biləsuvar (98,0 min ton), İsmayıllı (95,7 min ton) rayonlarında müşahidə olunub.